Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Dövlət Sığorta Xidməti Publik Hüquqi Şəxsinin, Naxçıvan Dövlət Universitetinin, “Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyinin əməkdaşları tərəfindən Şərur Rayon İcra Hakimiyyəti ilə birlikdə rayonun Dizə kəndində arıçılıq təsərrüfatı sahiblərinin iştirakı ilə “Yaz mövsümündə arı ailələrinə qulluq və arıxanalarda baytarlıq tədbirlərinin aparılmasının əhəmiyyəti” mövzusunda növbəti görüş keçirilib.
Müşavirəni Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşı Yasin Seyidov açaraq rayonda arıçılığın inkişafına göstərilən dövlət dəstəyindən danışıb.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Əyyub Abdullayev qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın və Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı ilə bağlı tədbirlər planının icrasına uyğun olaraq bu sahənin inkişafı dövlət tərəfindən daim dəstəklənərək sahibkarlara subsidiya və kreditlər verilir. Muxtar respublikanın əlverişli təbii-iqlim şəraiti, zəngin yem ehtiyatları bazası və qiymətli cinslərə malik arı genefondu bu sahənin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır. Həmçinin arı ailələrinin köçürülməsi üçün ərazilərin ayrılması, yerli arı genefondunun mühafizəsi, arıçılıqda yeni texnologiyaların tətbiqi, arı ailələrinə zoobaytar qaydalarına uyğun qulluq edilməsi haqqında da arıçılara ətraflı məlumat verilib.
Tədbirdə iştirak edən digər dövlət qurumlarının əməkdaşları mövzu ətrafında çıxışlar edərək sahibkarlara göstərilən dövlət maliyyə dəstəyi, yaşıllaşdırma işlərində balyığma mənbəyi hesab olunan ağac və kol əkinlərinin genişləndirilməsi, muxtar respublikada istehsal edilən arıçılıq məhsullarının sertifikatlaşdırılması, arıxanalarda aparılacaq baytarlıq tədbirləri, arı ailələrinin sığortalanması və arıçılıqda yeniliklərin tətbiqinin əhəmiyyətindən danışıblar.
Sonda arıçı sahibkarları maraqlandıran suallar cavablandırılıb və mütəxəssislər tərəfindən hazırlanan maarifləndirici bukletlər iştirakçılara paylanıb.
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti
Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.