NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN
F Ə R M A N I
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətini təmin etmək və strukturunu təkmilləşdirmək məqsədi ilə qərara alıram:
Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə təsdiq edilsin (əlavə olunur).
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
- Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin yeni strukturunu təsdiq etsin;
- bu Fərmandan irəli gələn məsələləri həll etsin.
Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri VASİF TALIBOV
Naxçıvan şəhəri, 26 fevral 2003-cü il
№ 89-II FR
Naxçıvan Muxtar Respublikası Ali Məclisi
Sədrinin 2003-cü il 26 fevral tarixli 89 -II FR
nömrəli Fərmanı ilə təsdiq edilmişdir.
Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı
Nazirliyi haqqında
ƏSASNAMƏ
I.Ümumi müddəalar
1.1. Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi (bundan sonra - Nazirlik) Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
1.2. Nazirlik öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikası Konstitusiyalarını, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərman və sərəncamlarını, Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları və bu Əsasnaməni rəhbər tutur.
1.3. Nazirlik öz fəaliyyətini digər mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünü idarəetmə orqanları, habelə ictimai təşkilatlarla qarşılıqlı əlaqəli şəkildə həyata keçirir.
1.4. Nazirlik hüquqi şəxsdir, müstəqil balansa, operativ idarəçilik hüququ ilə dövlət mülkiyyətində olan əmlaka, üzərində Dövlət gerbinin təsviri və öz adı əks olunmuş möhürə, müvafiq ştamplara və blanklara, bank hesablarına malikdir.
1.5. Nazirlik Naxçıvan şəhərində yerləşir.
II.Nazirliyin əsas vəzifələri
Nazirliyin əsas vəzifələri aşağıdakılardır:
2.1. Kənd təsərrüfatı sahəsində dövlət siyasətinin formalaşdırılmasının və həyata keçirilməsinin təmin edilməsi.
2.2. Muxtar Respublikada aqrar islahatın həyata keçirilməsində yerli və rayon aqrar islahatı komissiyalarına əməli köməklik göstərilməsi.
2.3. Kənd təsərrüfatı sahəsində sosial-iqtisadi inkişafın əsas istiqamətlərinin müəyyənləşdirilməsi, kənd təsərrüfatı sahəsində müvafiq standartlar, normalar və qaydaların işlənib hazırlanması.
2.4. Təsərrüfatlarda toxumçuluq istehsalı sahəsində yüksək məhsuldarlığa və sabit irsi əlamətlərə malik, xəstəliklərə, ziyanvericilərə və müxtəlif iqlim şəraitinə dözümlü bitki sortlarının yaradılması sahəsində seleksiya işlərinin aparılması, onların sort sınağının keçirilməsinin və dövlət toxum ehtiyatlarının yaradılmasının təşkil edilməsi.
2.5. Damazlıq işi sahəsində yüksək məhsuldarlığa və sabit irsi əlamətlərə malik cins heyvanlar yetişdirilməsinin, onların sınağının, təkrar istehsalının və səmərəli istifadəsinin təşkil edilməsi.
2.6. Kənd təsərrüfatının texnika, maşın, avadanlıq, ehtiyat hissələri və digər istehsal təyinatlı mallara olan tələbatının təhlil edilməsi və proqnozlaşdırılması, müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə həmin tələbatın ödənilməsi üçün təkliflərin verilməsi.
2.7. Kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına və emal sahələrinin inkişafına yönəlmiş xüsusi proqramların hazırlanması.
2.8. Kənd təsərrüfatı müəssisələrində torpağın münbitliyinin bərpasının, gübrə və digər kimyəvi preparatlardan düzgün və səmərəli istifadənin təmin edilməsi.
2.9. Nazirlik sistemində mühasibat uçotu və statistik hesabat işlərinin təşkil edilməsi və təkmilləşdirilməsi.
2.10. Nazirlik sistemində sosial-məişət və əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi, təhlükəsizlik, istehsalat- sanitariya qaydalarına riayət edilməsinin təmin edilməsi.
2.11. Bitki mühafizəsi və bitki karantini sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi.
2.12. Baytarlıq təbabəti sahəsində fəaliyyətin beynəlxalq tələblərə uyğun olaraq tənzimlənməsi.
2.12.1.Öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet sayıtının yaradılmasını, malik olduğu və siyahısı qanunvericiliklə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək.
2.13. Qanunvericiliklə Nazirliyə həvalə edilmiş digər vəzifələrin həyata keçirilməsi
III.Nazirliyin əsas funksiyaları
Nazirlik bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrə uyğun olaraq aşağıdakı əsas funksiyaları həyata keçirir:
3.1. Tabeliyində olan idarə və təşkilatların fəaliyyətinə öz səlahiyyətləri çərçivəsində köməklik göstərir və nəzarət edir.
3.1.1.Nazirlik sistemində qanunvericiliyə uyğun olaraq mühasibat uçotunu aparır, habelə statistik, maliyyə və vergi hesabatlarını tərtib edir.
3.2. Kənd təsərrüfatında yüksək səmərəli ixtira və kəşflərin sınaq və tətbiqini təşkil edir. Kənd təsərrüfatı sahəsində qəbul olunmuş elmi-texniki proqramları həyata keçirir.
3.3. Kənd təsərrüfatı sisteminə daxil olan elmi təşkilatların inkişafına dair müvafiq tədbirlər işləyib həyata keçirir.
3.4. Müəyyən edilmiş qaydada kənd təsərrüfatı sahəsində beynəlxalq elmi-texniki, iqtisadi əməkdaşlığın və əlaqələrin genişləndirilməsi sahəsində müvafiq təkliflər hazırlayır və həyata keçirir.
3.5. Kənd təsərrüfatı məhsullarının istehsalının artırılması sahəsində texniki, texnoloji, təşkilati və iqtisadi tədbirləri işləyib hazırlayır və həyata keçirir.
3.6. Öz səlahiyyətləri hüdudlarında kənd təsərrüfatında təsərrüfat fəaliyyətinin hüquqi tənzimlənməsini həyata keçirir.
3.7. Suvarılan torpaqların və kənd təsərrüfatının su təchizatının yaxşılaşdırımasına dair təkliflər verir.
3.8. Kəndli (fermer) təsərrüfatlarına və digər kənd təsərrüfatı əmtəə istehsalçılarına informasiya-məsləhət xidməti təşkil edir.
3.9. Muxtar Respublika ərazisində mövcud qanunvericiliyə uyğun fiziki və hüquqi şəxslərə məxsus olan kənd təsərrüfatı maşın və mexanizmlərinin texniki vəziyyəti və istismarı üzərində dövlət nəzarətini həyata keçirir.
3.10. Müəyyən edilmiş qaydada sahibkarlıq fəaliyyətinin növləri ilə məşğul olmaq üçün fiziki və hüquqi şəxslərə müvafiq köməklik göstərir.
3.11. Dövlət bitki mühafizə və bitki karantini xidmətlərini təşkil edir və dövlət fitosanitar nəzarətini həyata keçirir.
3.12. Bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin sınağının və qeydiyyatının təşkilində iştirak edir.
3.13. Öz səlahiyyətləri daxilində kənd təsərrüfatı bitkiləri toxumçuluğu sahəsində dövlət toxumçuluq xidmətini təşkil edir və həmin sahəyə dövlət nəzarətini həyata keçirir.
3.14. Dövlət və sığorta toxum fondlarına sifariş verir və bu fondlara toxum tədarükü məsələlərini həll edir.
3.15. Öz səlahiyyətləri daxilində pestisidlərin və aqrokimyəvi maddələrin saxlanması və tətbiqi üzərində, habelə kənd təsərrüfatı məhsullarında, yemlərdə, torpaqda zəhərli kimyəvi maddələrin qalıq miqdarına dövlət nəzarətini təşkil edir və həyata keçirir.
3.16. Pestisidlərin və aqrokimyəvi maddələrin qeydiyyatını həyata keçirir, bu məqsədlər üçün müvafiq komissiya yaradır.
3.17. Kənd təsərrüfatı sahəsində müasir tələblərə uyğun inkişaf strategiyasının və investisiya proqramlarının hazırlanmasında fəal iştirak edir.
3.18. Kənd təsərrüfatı sahələrinə investisiyaları, o cümlədən xarici investisiyaları cəlb etmək üçün məqsədyönlü iş aparır.
3.19. Bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq kənd təsərrüfatında təhsil, kadr hazırlığı sisteminin köklü surətdə dəyişdirilməsi və bu sahədə beynəlxalq əməkdaşlıq çərçivəsində tədbirlər görülməsində iştirak edir.
3.20. Vətəndaşların ərizə, şikayət və təkliflərinə mövcud qanunvericiliyə uyğun baxılmasını təşkil edir.
3.21. Baytarlıq xidmətini təşkil edir, dövlət baytarlıq nəzarətini həyata keçirir.
3.22. Öz səlahiyyətləri daxilində baytarlıq preparatlarının, vitaminlərin, yem əlavələrinin, habelə mal-qaranın boy artımını surətləndirən və məhsuldarlığı yüksəldən bioloji stimulyatorların və hormonların saxlanmasına, heyvandarlıqda və baytarlıqda tətbiqinə nəzarət edir, onların sınağını və qeydiyyatını aparır.
3.23. Qanunvericiliklə Nazirliyə həvalə edilmiş vəzifələrin həyata keçirilməsi üçün digər funksiyaları həyata keçirir.
IV.Nazirliyin hüquqları
Nazirlik öz vəzifələrini və funksiyalarını həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:
4.1. Müəyyən edilmiş qaydada Dövlət Statistika Komitəsindən, digər mərkəzi və yerli orqanlardan kənd təsərrüfatı ilə əlaqədar məsələlərə dair lazım olan məlumatları almaq və təhlil etmək.
4.2. Müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə kəndin sosial və iqtisadi inkişafı, kənd əhalisinin məşğulluğu və sosial müdafiəsinin yaxşılaşdırılması üzrə dövlət proqramlarının və tədbirlərinin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək.
4.3. Müəyyən edilmiş qaydada tabeliyində olan müəssisə və idarələrin fəaliyyətini tənzimləyən əsasnamələri təsdiq etmək.
4.4. Öz səlahiyyətləri çərçivəsində tabeliyində olan dövlət müəssisə və idarələrinə əmr və göstərişlər vermək, onların düzgün və vaxtında icra olunmasına nəzarət etmək, həmin müəssisə və idarələr tərəfindən qanunvericiliyə zidd qəbul edilmiş qərarların icrasını dayandırmaq və ya ləğv etmək.
4.5. Nazirliyin səlahiyyətinə aid olan məsələlərə dair müəyyən edilmiş qaydada konfrans, müşavirə, seminarlar və sərgi-satış təşkil etmək, xarici ölkələrdə keçirilən bu cür tədbirlərdə iştirak etmək.
4.6. Kənd təsərrüfatı mütəxəssislərinə və kadrlarına olan tələbatı müəyyən etmək, onların hazırlanmasına və təkmilləşdirilməsinə dair təkliflər vermək, kənd təsərrüfatı üzrə tədris planlarının və proqramlarının hazırlanmasında iştirak etmək.
4.7. Qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
V.Nazirliyin idarə olunması
5.1. Kənd Təsərrüfatı Nazirliyinə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı ilə vəzifəyə təyin edilən nazir rəhbərlik edir.
5.2. Kənd Təsərrüfatı nazirinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə vəzifəyə təyin olunan bir müavini vardır.
5.3. Müəyyən edilmiş struktur, əməkhaqqı fondu və işçilərin say həddi daxilində Nazirliyin aparatının, bilavasitə tabeliyində olan və büdcədən maliyyələşən qurumlarının strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində onların xərclər smetasını təsdiq edir.
5.4. Nazir öz səlahiyyətləri daxilində:
- Nazirliyin fəaliyyətinə rəhbərliyi həyata keçirir, Nazirliyə həvalə olunmuş vəzifə və funksiyaların yerinə yetirilməsinə şəxsi məsuliyyət daşıyır, müavini və Nazirliyin mərkəzi aparatının struktur bölmələrinin rəhbərləri arasında səlahiyyət bölgüsü aparır;
- əmrlər, sərəncamlar, təlimatlar və göstərişlər verir;
- müəyyən olunmuş qaydada Nazirliyin mərkəzi aparatının işçilərini və Nazirliyin nəzdindəki dövlət kənd təsərrüfatı xidmətlərinin rəhbərlərini öz əmri ilə vəzifəyə təyin edir və vəzifədən azad edir;
- Nazirliyin aparatının struktur bölmələrinin və bilavasitə tabeliyində olan qurumlarının əsasnamələrini təsdiq edir, tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini isə təsdiq edilməsi üçün müəyyən olunmuş qaydada təqdim edir;
- Nazirlikdə nəzarət-təftiş işini, ilkin uçot və hesabatı təşkil edir, tabeliyindəki idarə, müəssisə və təşkilatların hesabat balanslarını təsdiq edir, mühasibat uçotu və hesabat işlərinin düzgün aparılmasına nəzarət edir;
- qüvvədə olan normativ hüquqi sənədlərə müvafiq olaraq nazirlikdə kargüzarlığın operativ və düzgün aparılmasını, həmçinin işdə dövlət sirrinin saxlanmasını təmin edir.
5.5. Nazirlik kollegiyallıq və vahid rəhbərlik prinsiplərinin əsasında və qanunvericiliyə uyğun olaraq idarə edilir.
5.6. Kənd Təsərrüfatı Nazirliyində kollegiya yaradılır. Kollegiyanın tərkibinə nazir (kollegiyanın sədri), müavini, vəzifəyə görə nazirliyin digər məsul vəzifəli işçiləri daxildir.
5.7. Kollegiyanın say tərkibi və üzvləri nazirin təqdimatı əsasında Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir.
5.8. Kollegiya iclasının qərarları sadə səs çoxluğu olduqda qəbul edilir və bir qayda olaraq nazirin əmri ilə rəsmiləşdirilir və həyata keçirilir.
5.9. Kollegiyanın sədri və onun üzvləri arasında fikir ayrılığı olduqda sədr öz qərarını həyata keçirir və bu barədə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə məlumat verir. Kollegiyanın üzvləri də öz növbəsində Nazirlər Kabinetinə müraciət etmək hüququna malikdirlər.
5.10. Kollegiyanın iclaslarında Nazirliyin kənd təsərrüfatı sahəsində inkişaf proqramı, tabeliyində olan dövlət müəssisə, idarə və təşkilatların əsas fəaliyyəti, əsas fondlardan, materiallar, maliyyə və əmək ehtiyatlarından istifadənin vəziyyəti, elmi-texniki nailiyyətlərin, mütərəqqi texnologiyaların tətbiq edilməsi və digər problemlər müzakirə edilir və onlar barədə qərar qəbul edilir.
5.11. Zəruri hallarda kollegiyanın iclaslarında iştirak etmək üçün müzakirə olunan məsələlərlə bilavasitə əlaqəli olan icra hakimiyyəti orqanlarının, idarə, müəssisə və təşkilatların, habelə ictimai təşkilatların və yerli özünüidarəetmə orqanlarının nümayəndələri dəvət oluna bilər.
5.12. Kənd təsərrüfatı sahəsində dövlət siyasəti məsələlərinin, kənd təsərrüfatı elminin əsas istiqamətlərinin, elmi araşdırmaların və qabaqcıl xarici ölkələrin son nailiyyətlərinin ümumiləşdirilməsi, öyrənilməsi, texnoloji layihələrin ekspertizasının təşkil edilməsi və onların tətbiqi barədə rəy vermək məqsədi ilə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin, digər elmi idarələrin alim və mütəxəssislərini cəlb etməklə Nazirlilkdə Elmi-Texniki Şura yaradılır, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada Nazirliyin səlahiyyətlərinə aid edilmiş məsələlərə dair toplular, xüsusi informasiya bülletenləri, vərəqələr və digər mətbu nəşrlər buraxılır.
Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.