Bu münasibətlə keçirilən tədbirdə Culfa Regional Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Vəli Novruzov çıxış edərək qeyd edib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda fermerlərin aqrar sahədə bilik və təcrübələrinin artırılması əsas hədəflərdən biri kimi müəyyən edilərək Regional Fermer Təlim Mərkəzlərinin yaradılması tapşırığı verilib. Dövlət Proqramının icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyində aparılmış struktur islahatı nəticəsində yaradılan 3 regional mərkəz- Naxçıvan, Şərur və Culfa Regional Dövlət Aqrar İnkişaf Mərkəzlərinin inzibati binalarında Regional Fermer Təlim Mərkəzləri yaradılıb. Culfa rayonundakı Təlim Mərkəzi Ordubad və Culfa rayonlarından olan fermerləri əhatə edir.
Bildirilib ki, təlim mərkəzi fermerlərin yerində təlimlərə cəlb edilməsinə şərait yaratmaqla muxtar respublikada təcrübəli və bacarıqlı kənd təsərrüfatı məhsulları istehsalçılarının formalaşmasına mühüm töhvə verəcək.
Daha sonra Regional Təlim Mərkəzinə baxış olub. Məlumat verilib ki, mərkəzdə təlimlər həm əyani, həm də onlayn formada təşkil ediləcək. Kənd təsərrüfatının müxtəlif sahələrini əhatə edəcək təlimlər Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliklərinin, o cümlədən tabeli qurumlarının mütəxəssisləri tərəfindən keçiriləcək. Təlimlərdə fermerlər nəzəri biliklər əldə etməklə yanaşı, praktiki bacarıqlara yiyələnmək imkanı da əldə edəcəklər.
Qeyd edək ki, mərkəzdə ilk dəfə təlim keçirilib, texnika istifadəçiləri üçün səyyar xidmət göstərilib
Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.