Yazda taxılçılıqda həyata keçirilən aqrotexniki qulluq işlərindən biri də alaq otlarına qarşı mübarizə tədbirləridir. Alaq otları əkinçiliyə böyük zərər verir. Belə ki, becərilən bitkilərə lazım olan qida maddələrinin, suyun və işığın xeyli hissəsini mənimsəyir, zərərvericilərin, xəstəliklərin inkişafı üçün şərait yaradır, becərməni, məhsul yığımını çətinləşdirir, eləcə də kənd təsərrüfatı bitkilərin məhsuldarlığına və məhsulun keyfiyyətinə mənfi təsir göstərir.
Müəyyən edilib ki, 1 hektar taxıl sahəsindən payızlıq buğda bitkisi 75 kq azot, 52 kq fosfor ve 82 kq kalium götürdüyü halda, amarant-ağ pencər alaq otu 190 kq azot, 14 kq fosfor və 286 kq kalium, qanqal alaq otu isə 137 kq azot, 31 kq fosfor və 117 kq kalium mənimsəyir.
Alaq otlarının mədəni bitkilərə nisbətən, torpağın dərin qatına işləyən güclü kök sistemi mövcuddur. Onlar buna görə torpaqda olan su ehtiyatından daha çox yararlanaraq öz inkişafına görə həmişə mədəni bitkiləri qabaqlayır. Enliyarpaqlı alaq otları yüksək transpirasiya (buxarlanma) emsalına malikdir və torpaqda olan suyun sərfini artıraraq onun tez qurumasına səbəb olur. Alaq otları sahədə sıxlıq yaratmaqla mədəni bitkiləri kölgələndirib günəş işığından məhrum edir, onların boyca kiçik qalmasına, yatmasına və nəticə etibari ilə zəif inkişaf etməsinə səbəb olur.
Alaqlara qarşı mübarizədə əsasən aqrotexniki tədbirlər düzgün tətbiq edilməli və en son halda kimyəvi mübarizə üsulundan istifadə edilməlidir.
Buğda, arpa və qarğıdalı əkinlərində alaq otlarına qarşı mübarizə 2 üsulla aparılır:
1) Profilaktiki və ya qarşılayıcı mübarizə;
2) Məhvedici mübarizə.
Profilaktiki mübarizə mədəni bitkilərin böyüməsi və inkişafını təmin edən əlverişli şəraitin yaradılması və alaq otlarının yayılmasının qarşısının alınması tədbirləridir. Bunlar aşağıdakıladır.
növbəli əkin sisteminin tətbiqi;
cerge aralarının becərilməsi.
Məhvedici mübarizə tədbirləri isə 2 qrupa bölünür:
aqrotexniki mübarizə;
kimyəvi mübarizə.
Aqrotexniki mübarizə tədbirləri:
Toxumların alaq otlarından təmizlənməsi və çeşidlənməsi. Bu məqsədlə toxumtənzimləyən qurğularla arpa, buğda və qarğıdalı toxumlarının alaq otları toxumlarından təmizlənməsi;
Torpağın becərilməsi tədbirləri: dərin şum, kultuvasiya, malalama və üzləmə tədbirlərinin vaxtında aparılması;
Taxıl əkini sahəsi ətraflarının alaq otlarından təmizlənməsi.
Kimyəvi mübarizə tədbirləri.
Buğda, arpa və qarğıdalı əkinlərində alaq otlarına qarşı ən səmərəli tədbir kimyəvi mübarizədir. Bu məqsədlə herbisidlərin tətbiqi başlıca meyardır. Öz təsir mexanizminə görə herbisidlər 2 qrupa bölünür: kontakt təsirlilər, sistem təsirlilər. Kontakt təsirli herbisidlər bitki üzərinə çiləndikdə bitki ilə təmasda olduğu sahələri yandırır. Bu qrup herbisidlərin səmərəliliyini artırmaq üçün aparılan çiləmələrdə preparat sahəyə bərabər miqdarda paylanmalıdır. Kontakt təsirli herbisidlər bitkilərin yerüstü hissələrini məhv edir. Sistem təsirli herbisidlər geniş spektrlidir, bitki üzərinə düşdükdə onun bütün orqanlarına yayılır. Buna görə də alaq otları ilə mübarizədə sistem təsirli herbisidlərə daha çox üstünlük verilir.
Alaq otlarına qarşı vaxtında və səmərəli mübarizə tədbirlərinin aparılması yüksək və keyfiyyətli məhsul istehsalına zəmin yaradır. Bununla əlaqədar fermerlər Kənd Təsərrüfatı Nazirliyinə və onun yerli qurumlarına müraciət etməklə müvafiq məsləhət və tövsiyələr ala bilərlər.
Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.