“Naxçıvan Toxumçuluq Mərkəzi” Publik Hüquqi Şəxsinin əkin sahələrində yazlıq arpa əkininə başlanılıb. Əkin prosesində Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Əli Hüseynov da iştirak edib. Mərkəzin əməkdaşları ilə keçirilən tədbirdə mütəxəssis qeyd edib ki, yazlıq arpanın erkən səpilməsi yüksək məhsuldarlığın əsas şərtlərindəndir. Havaların sərin keçməsi, torpaqda kifayət qədər nəmliyin olması, çıxışın bir boyda alınmasına və kök sisteminin yaxşı inkişaf etməsinə səbəb olur.
Erkən müddətdə səpilmiş arpa göbələk xəstəliklərinə daha az tutulur. Bununla yanaşı əkiləcək toxumlar yüksək kondisiyalı olmalı və sürmə xəstəliklərinə qarşı “Rubin-2” (1,5 kq/ton), “Tubazol” və ya “Sanep” (1,5 kq/ton) preparatlarından biri ilə dərmanlanaraq səpin norması hər hektara 180-200 kq olmaqla əkin həyata keçirilməlidir. Azot gübrəsi ilə birinci yemləmə kollanma fazasında, ikinci yemləmə isə boruyaçıxma fazasının əvvəlində aparılmalıdır.
Həmçinin qeyd olunub ki, yerli şəraitdə sınaqdan çıxmış “Naxçıvan dəni”, “Qarabağ-22”, “Qarabağ 33” sortlarından istifadə olunaraq əkin aparılması məsləhətdir. Əkin zamanı toxumun basdırılma dərinliyi 5-7 sm olmalıdır. Yüksək məhsuldarlığa nail olmaq üçün bütün aqrotexniki tədbirlər, yəni sahənin əkin üçün seçilməsindən başlamış biçinə qədər olan bütün işlər vaxtında və keyfiyyətlə yerinə yetirilməlidir.
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti
Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.