Bunu Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı naziri vəzifəsini müvəqqəti icra edən, nazir müavini Xəyalə Dadaşova arıçılarla olan görüşdə bildirib.
Nazir müavini qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən 2018-ci ildən ölkəmizdə arıçılara subsidiya verilməsinə başlanılıb. Muxtar Respublikada arıçılıqla məşğul olan fermerlərə saxladıqları hər arı ailəsinə görə subsidiyaların verilməsi əvvəllər Dövlət Baytarlıq Xidməti tərəfindən həyata keçirilib. Lakin, sənədləşmə məsələlərinin gecikməsinə görə istehsalçılara 2019-cu ildə subsidiya verilməsinə başlanılsa da, 2018-ci il üzrə subsidiyanın verilməsi təmin edilməyib.
Ötən ay Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidməti ləğv olunduğu üçün arı ailələrinə görə subsidiyaların verilməsinin təmin edilməsi istiqamətində işlərin həyata keçirilməsinə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən başlanılıb.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində elektron informasiya sistemi yaradılana və Azərbaycan Respublikasının “Elektron kənd təsərrüfatı” informasiya sisteminə inteqrasiya olunanadək “Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki və hüquqi şəxslərə Naxçıvan Muxtar Respublikasının büdcəsinin vəsaiti hesabına subsidiyaların verilməsinin müvəqqəti Qaydası”nın layihəsi, əsaslandırılması və hüquqi ekspertiza sənədi hazırlanaraq baxılması, o cümlədən müvafiq qərarın qəbul edilməsi üçün Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə və Nazirlər Kabinetinə göndərilib və təsdiq edilib. Sözügedən qaydalarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”nın tələblərinə əsasən 2018-ci ildə fəaliyyət göstərən arıçılara ödənilməyən subsidiyaların cari ildə verilməsi nəzərdə tutulub. Artıq bu istiqamətdə işlər yekunlaşmaq üzrədir. 2018-ci ildə fəaliyyət göstərən arıçılara növbəti aydan etibarən subsidiyalar veriləcək.
Digər bir mühüm məsələ isə arıçıların dərman vasitələri ilə təmin olunmasıdır- deyən Xəyalə Dadaşova nazirlik tərəfindən bu istiqamətdə də işlərin görüldüyünü diqqətə çatdırıb.
Görüş zamanı muxtar respublikada arıçılıqla bağlı mövcud vəziyyət müzakirə edilib, bu sahənin inkişaf etdirilməsi istiqamətində həyata keçirilməli olan tədbirlərə, o cümlədən Arıçılar Birliyinin fəaliyyətinin təkmilləşdirilməsinə dair tövsiyələr verilib, suallar cavablandırılıb.
Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.