Operativ məlumatlara əsasən Naxçıvan Muxtar Respublikasında 21167 ha sahədə payızlıq və yazlıq taxıl əkinləri həyata keçirilib. Hazırda əkin sahələrinin 55 %-də biçin başa çatıb.
Biçindən əvvəl taxıl yığımının itkisiz və vaxtında həyata keçirilməsi, o cümlədən yanğın təhlükəsi yaradacaq halların qarşısının alınması ilə bağlı maarifləndirmə tədbirləri aparılsa da, həmçinin sözügedən məsələlərin tənzimlənməsi məqsədilə aidiyyəti qurumların əməkdaşlarından Qərargah təşkil olunsa da, bəzi sahələrdə yanğın müşahidə olunur. Bəzən bır sıra istehsalçılar düşünür ki, biçindən sonra sahələrin yandırılması torpaqda olan alaq otlarının, o cümlədən digər həşaratların məhvi üçün əlverişli üsuldur.
Bildiririk ki, sahələrdə baş verən yanğın ətraf mühitə zərər verməklə torpağın məhsuldarlığını aşağı salır, torpağın həyat qabiliyyəti zəifləyir, illər ərzində formalaşmış faydalı mikroorqanizmlər məhv olur ki, onun da bərpası üçün əlavə resurslar və uzun müddət tələb olunur.
Yüksək temperaturun torpağın üst qatına sistematik təsiri humus ehtiyatını, torpaq biotasını məhv edir və nəticədə torpağın fiziki-kimyəvi xassələri və mexaniki strukturu dəyişir. Vahid sahədə samanın 30-40 saniyədə yanmasına baxmayaraq, bu qısa müddət torpağın üst qatının 360 dərəcəyə qədər qızmasına kifayət edir. Bu temperaturda torpağın 0-5 sm qatında humusun yanması, 10 sm qatında isə suyun buxarlanması baş verir. Kövşənliyin yandırılması zamanı humus itkisi hektara 1,3 ton təşkil edir. Bir hektar sahədə 1 ton samanın yandırılması nəticəsində 4,0-4,5 kiloqram azot, 2,0-2,5 kiloqram fosfor, 8-10 kiloqrama qədər kalium elementi itirilir ki, bu itkini kompensasiya etmək üçün torpağın hər hektarına 10-15 ton üzvi gübrə verilməsi tələb olunur. Eyni zamanda, biçindən sonra taxıl sahələrinin yandırılması növbəti ildə həmin sahədə becəriləcək bitkilərin məhsuldarlığını 20-30 faiz azaldır, fermer həmin sahədən əvvəlki ilə müqayisədə daha az məhsul götürür.
Bu səbəbdən biçini başa çatdıran istehsalçıların nəzərinə çatdırırıq ki, taxıl biçinindən sonra sahələrin yandırılması qadağandır!
Belə ki, bilərəkdən yanğın təhlükəsi törətmiş istehsalçılar qanunvericilikdə müəyyən edilmiş qaydada inzibati məsuliyyət daşıyırlar. “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən əkin yerlərinin yandırılması qadağan edilib. Bu qadağanın tətbiqində məqsəd əkinəyararlı torpaq sahələrinin münbitliyini qorumaq, ekoloji mühitə vurulan zərərin qarşısını almaq, kənd təsərrüfatında məhsuldarlığı yüksəltməkdir.
İnzibati Xətalar Məcəlləsinin 244-1-ci maddəsinə əsasən əkin yerini yandıran fıziki şəxslər 400 manatdan 600 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək, hüquqi şəxslər isə 5000 manatdan 6000 manatadək məbləğdə cərimə olunacaqlar.
Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi məhsul istehsalçılarına taxıl sahələrindən samanı yandırmadan çıxarmağı, yaxud xırdalayaraq mulça halında əkin sahələrinə verib şum və digər torpaq becərmə əməliyyatları aparmağı tövsiyə edir.
Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.