Fevralın 3-də Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yenilənmiş rəsmi internet saytının təqdimatı olub. Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı naziri Bəhruz Bayramov çıxış edərək bildirib ki, Nazirlik tərəfindən ictimaiyyətlə əlaqələr, kütləvi informasiya vasitələri ilə qarşılıqlı əməkdaşlıq daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə, Nazirliyinin müxtəlif sosial şəbəkələrdə rəsmi hesabları istifadəyə verilib və bu sahədə operativ fəaliyyət təmin olunub. Müasir dövrdə informasiya mübadiləsi baxımından sosial şəbəkələrlə yanaşı, veb-saytlar da geniş imkanlara malikdir. Bu gün təqdimatı keçirilən Nazirliyin rəsmi saytı da müasir iş prinsiplərinin və innovativ yeniliklərin tətbiqi, həmçinin kənd təsərrüfatı sahəsində ictimai fəaliyyəti gücləndirmək və kütləvi informasiya vasitələri ilə əlaqələrin daha dinamik və operativ şəkildə qurulmasını təmin etmək məqsədilə yenidən qurulub. Artıq saytda struktur bölmələri haqqında yenilənmiş məlumat bazası ilə yanaşı, torpaq mülkiyyətçiləri, fermerlər, sahibkarlar, ailə təsərrüfatçılarının maarifləndirilməsi istiqamətində yeni informasiyalar yer alıb. Bu məqsədlə, saytda ən çox müraciət olunan sahələr və istiqamətlər üzrə təkmilləşdirmə işləri aparılıb, yeni bölmələr yaradılıb. Saytda həmçinin, Aqrar sığorta haqqında məlumatlarla da tanış olmaq mümkündür.
Daha sonra, Nazirliyinin əməkdaşı Səbuhi Həsənov yenilənmiş “ktn.nakhchivan.az” internet saytını təqdim edib. S.Həsənov bildirib ki, sayt həm funksionallıq, həm də dizayn baxımından müasir tələblərə uyğunlaşdırılıb, elektron xidmətlərin həcmi genişləndirilib. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin rəsmi internet saytı müasir proqramlaşdırma dillərindən istifadə edilərək müasir üslubda yenidən hazırlanıb. Sayt Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin proqramçıları tərəfindən dizayn və məzmun cəhətdən müasir üslubda tərtib edilərək, hər bir istifadəçinin kompüterinin, istər planşetinin, istərsə də mobil telefonunun ekran ölçülərinə (responsive dizayn) uyğun hazırlanıb.
Yenilənmiş saytda vətəndaşların elektron formada müraciət etmələri üçün “Müraciətlər” bölməsi yaradılıb. Nazirliyin ünvanı, əlaqə telefonu, elektron poçt ünvanı və “Axtarış” bölməsi əsas səhifədə yerləşdirilib. “Nazirlik”, “Qanunvericilik”, “Aqrar sığorta fondu” bölmələrinə keçidlər də daxil edilib. “Faydalı linklər” bölməsində bir sıra internet saytlarına keçidlər qeyd edilib, saytın “Naxçıvan Muxtar Respublikası” adlı bölməsində isə muxtar respublikamızın inkişafını və turizm potensialını əks etdirən, eləcə də tarixi abidələrinin fotoşəkilləri slaydlar vasitəsilə göstərilib.
“Mətbuat” bölməsində “Xəbərlər” alt bölməsinə keçid təmin olunub və muxtar respublikanın ictimai-siyasi həyatında baş verən hadisələr öz əksini tapıb. Foto qalereya və video qalereya bölməsində muxtar respublikanın kənd təsərrüfatı sahəsinə aid şəkil və videolar yerləşdirilib. Kollegiya iclasları və aylıq hesabatlar “Hesabatlar” alt bölməsində öz əksini tapıb.
Səhifədəki əhəmiyyətli bölmələrdən biri də "Fermerlerə məsləhət"dir. Burada kənd təsərrüfatı istehsalçılarına müvafiq mövzularda mütəxəssis tövsiyələri yerləşdiriləcək. “Xəbərlər” və “Tabeli qurumlar” bölmələrinə keçidlər də yeni tərtibatda daha əlçatan şəkildə təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin internet səhifəsinin SSL (təhlükəsizlik) sertifikatı ilə təmin olunması, saytın optimizasiyası (SEO-Search Engine Optimization) axtarış sistemlərinə uyğunlaşdırılması, Google axtarış sistemində qeydiyyatdan keçirilməsi və axtarış sistemlərində ön sıralarda tapılması üçün mütəxəssislər tərəfindən zəruri texniki tədbirlər həyata keçirilib, eləcə də domenə bağlı e-poçt adresləri ilə təmin olunub.
Qeyd edək ki, ktn.nakhchivan.az domen adı ilə fəaliyyət göstərən yeni internet saytı həm funksionallıq, həm də məzmun cəhətdən əvvəlki versiya ilə müqayisədə daha da təkmilləşdirilib və yeni informasiyalarla zənginləşdirilib.
Artıq, sayt istifadəçiləri Nazirliyin fəaliyyət sahəsinin müxtəlif istiqamətləri üzrə tətbiq edilən yenilikləri vahid mənbədən ala biləcəklər.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı
Nazirliyinin mətbuat xidməti
Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.