NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində Qaradəniz Texniki Universiteti ilə birgə Beynəlxalq Apiterapiya və Təbiət konqresi keçirilib.
Konqres Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Cümhuriyyətinin İstiqlal Marşının səsləndirilməsi ilə başlayıb.
Universitetin rektoru Elbrus İsayev Türkiyə universitetləri ilə birgə aparılan beynəlxalq əməkdaşlıq məsələlərindən Bəhs edib. Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələrində qardaş Türkiyənin özünəməxsus yerinin olduğunu qeyd edən Elbrus İsayev birgə təşkil edilən tədbirlərin əhəmiyyətindən danışıb, konqresin işinə uğurlar arzulayıb.
Qaradəniz Texniki Universitetinin rektoru, professor Hamdullah Çuvalcı elm və texnologiya sahələrində qazanılan uğurların təməlinin universitetlərdə qoyulduğunu bildirərək vurğulayıb ki, bu sahədə ali təhsil ocaqlarının üzərinə böyük məsuliyyət düşür. Hamdullah Çuvalcı bildirib ki, artıq ötən il tibb forumunda əsası qoyulan əməkdaşlıq, bugünkü konqresdə iştirak gələcəkdə birgə layihələrin icrası üçün geniş imkanlar açır.
Türkiyənin İqdır Universitetinin rektoru, professor Mehmet Hakkı Alma ikitərəfli münasibətlərin inkişafı naminə gələcək perspektivləri müzakirə edib. Alternativ tibb sahəsində elmi nəşrlərin əhəmiyyətli olduğunu qeyd edən rektor birgə layihələrin əhəmiyyətindən danışaraq gələcəkdə bu istiqamətdə elmi araşdırmalar aparmağın əhəmiyyətinə toxunub.
Qaradəniz Texniki Universitetinin professoru Oktay Yıldız, Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Xəyalə Dadaşova, Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxov çıxışlarında Naxçıvanda qarşılıqlı və faydalı əməkdaşlığa töhfə verən bu cür tədbirlərin keçirilməsinin önəmini diqqətə çatdırıblar.
Konqresdə Trabzon Qaradəniz Texniki Universitetinin professoru Sevgi Kolaylı “Yüksək apiterapevtik dəyərə malik Anadolunun arı məhsulları”, AMEA-nın Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayeva “Azərbaycanda yaşayan etnik qrupların faydalı bitkilərdən istifadəsi”, Azərbaycan Tibb Universitetinin professoru, əməkdar həkim Fikriyyə İbrahimli “İnteqrativ tibb – qeyri-infeksion xroniki xəstəliklərin müalicəsi üçün XXI əsr təbabəti” mövzularında məlumat veriblər.
Sonra Azərbaycan Peşəkar Arıçılar Birliyinin prezidenti Elşən Məmmədovun çıxışı dinlənilib.
Sonda NDU-nun İncəsənət fakültəsi Xalq çalğı alətləri ansamblının, “Nuh yurdu” ritm qrupunun, Qaradəniz Texniki Universitetinin “Gözəl sənətlər” bölümünün ifasında gözəl musiqi nömrələri səsləndirilib.
Qeyd edək ki, üç gün davam edəcək konqresdə “Təbiət və təməl elmlər”, “Tibb elmləri”, “Alternativ və tamamlayıcı tibb”, “Apiterapiya”, “Arıçılıq və arıçılıq məhsulları” mövzularında ənənəvi və onlayn olmaqla 6 ölkədən 300-dən artıq çıxış dinləniləcək.
Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.