NUHÇIXAN xəbər verir ki, mayın 24-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Bakıda keçirilən 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgilərində iştirak edən Kənd Təsərrüfatı və İqtisadiyyat nazirliklərinin əməkdaşları, sahibkarlar və ailə təsərrüfatçıları ilə görüşüb.
Fuad Nəcəfli iştirakçıları sərgilərdə fəal iştirakına və “Orqanik Naxçıvan” brendini uğurla təbliğ etdiklərinə görə təbrik edib, sərgidə iştirak edən ölkə Prezidenti cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın Naxçıvan stendinə xüsusi maraq göstərməsini qürurverici hal kimi dəyərləndirib.
Məlumat verilib ki, ümumilikdə 31 ölkədən 479 şirkətin iştirak etdiyi, 9 ölkənin isə milli stendlərlə təmsil olunduğu sərgilərdə ilk dəfə Naxçıvan Muxtar Respublikasının ayrıca pavilyonu yaradılıb və “Orqanik Naxçıvan” brendi təqdim olunub. Naxçıvanın təbii məhsullarının böyük maraqla qarşılandığı sərgi muxtar respublikada aqrar sahəyə investisiyaların artırılmasında stimul kimi dəyərləndirilib.
Görüşdə Naxçıvanda kənd təsərrüfatı və istehsal sahələrində prioritetlərin müəyyənləşdirildiyi və ilkin islahatların aparıldığı vurğulanıb. Qeyd edilib ki, iqlim dəyişikliyi və digər təsirlər fonunda yeni innovasiyaların tətbiqi şərtdir. Yaxın günlərdə aqrar sahədə institutlaşdırma işləri aparılacaq, Naxçıvanın orqanik məhsullarının sertifikatlaşdırılması, bazarda öz yerini alması üçün ciddi marketinq işlərinin aparılması və ixracın dəstəklənməsi məqsədilə ardıcıl işlər görüləcək.
Görüşdə sahibkarların və ailə təsərrüfatçılarının təklifləri dinlənilib, onlar “Orqanik Naxçıvan” brendi ilə kooperativ iştiraka dəvət edilib.
Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.