NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində əcnəbi diplomatların Naxçıvan şəhərinə səfəri baş tutub.
Ölkəmizdə akkreditə olunmuş, iqamətgahı Bakıda və Ankarada yerləşən diplomatik korpus üzvləri, eləcə də hərbi attaşelər səfərdə iştirak ediblər. Bu məqsədlə Bakıdan və Ankaradan Naxçıvana xüsusi çarter təyyarə reysləri təşkil edilib.
Ümumilikdə 80-ə yaxın ölkədən və 23 təşkilatdan 140-a yaxın qonağın iştirak etdiyi səfər Ümummilli Lider Heydər Əliyevin abidəsinin ziyarət edilməsi ilə başlayıb. Qonaqlar Heydər Əliyev Muzeyində Ulu Öndərin həyat və fəaliyyətinə aid fotoşəkil və eksponatlarla tanış olublar.
Daha sonra “Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” mövzusunda tədbir keçirilib. Çıxışlar zamanı Ulu Öndərin zəngin həyat yolu və Azərbaycan xalqının rifahı, dövlətimizin siyasi müstəqilliyi və davamlı inkişafı uğrunda yorulmaz fəaliyyəti, o cümlədən onun həyatının Naxçıvan mərhələsi haqqında əcnəbi qonaqlara ətraflı məlumat verilib.
Müasir Azərbaycanın beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmasında, dövlətimizin müstəqil xarici siyasət strategiyasının formalaşmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri vurğulanıb. Qeyd olunub ki, Heydər Əliyevin xarici siyasət strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və yeni-yeni hədəflərə istiqamətlənir.
Ermənistanın işğalçılığı və düşmənçilik siyasəti nəticəsində Naxçıvan Muxtar Respublikasının 30 ilə yaxın müddətdə blokada şəraitində olduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, Zəngəzur dəhlizinin açılması ilə həm bu blokadaya son qoyulacaq, həm də muxtar respublika öz tranzit-nəqliyyat imkanları ilə bütün bölgənin iqtisadi inkişafına töhfə verəcək.
Tədbir çərçivəsində Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş videoçarx nümayiş etdirilib. Tədbir Naxçıvan Dövlət Universitetinin Simfonik orkestrinin konserti ilə yekunlaşıb.
Naxçıvan səfəri çərçivəsində xarici diplomatlar və hərbi attaşelər şəhərin mədəni-tarixi və turistik məkanları ilə də tanış olmaq imkanı əldə ediblər.
Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.