20 aprel 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini Xəyalə Dadaşova Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini Əli Zeynalzadənin iştirakı ilə rayonda fəaliyyət göstərən təsərrüfat sahibləri ilə görüşüb.
Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini Əli Zeynalzadə keçirilən görüşün əhəmiyyətindən və rayonda aqrar sahədə görülmüş işlərdən danışıb.
Xəyalə Dadaşova görüş zamanı ölkəmizdə dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı Sərəncamların kənd təsərrüfatı istehsalçılarının rifah halının yaxşılaşdırılmasına və bu sahənin inkişafına təkan verdiyini vurğulayıb. Aqrar sahədə, innovativ texnologiyaların tətbiqindən, intensiv əkinçilikdən və bu sahəyə yeni yanaşmanın tətbiq olunmasından danışıb. Sərhəd bölgəsində yerləşən Sədərək rayonunun kənd təsərrüfatının inkişaf etdirilməsində yüksək potensiala malik olmasını qeyd edib. Gələcəkdə rayonda camışçılığın, balıqçılığın və bitkiçiliyin bir çox istiqamətlərinin inkişaf etdirilməsinin nəzərdə tutulduğu bildirib.
Nazirliyin əməkdaşlarının da iştirak etdiyi görüşdə 25-dən çox təsərrüfat sahibi iştirak edib. Görüşə gələn təsərrüfatçıların müraciəti əsasən yaz əkinləri üçün toxum materiallarının alınıb gətirilməsinə köməkliyin göstərilməsi, örüş-otlaq sahələrinin nizamlı bölgüsünün aparılması, kənd təsərrüfatı texnikalarının ehtiyat hissələri ilə təminatının yaxşılaşdırılması, suvarma suyu ilə təminat və digər məsələlərlə bağlı olub.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlərin həlli istiqamətində tapşırıqlar verilib. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Tədbirdən sonra Sədərək rayonunda camışçılığın və balıqçılığın inkişaf etdirilməsi nəzərdə tutulan ərazilərə və əkin sahələrinə baxış keçirilib.
Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.