6 aprel 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, kənd təsərrüfatı nazirinin vəzifələrini müvəqqəti icra edən Xəyalə Dadaşova Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərovun iştirakı ilə rayonda fəaliyyət göstərən təsərrüfat sahibləri ilə görüşüb.
Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov keçirilən görüşün əhəmiyyətindən və rayonda aqrar sahədə görülmüş işlərdən danışıb.
Xəyalə Dadaşova dövlət başçısı cənab İlham Əliyevin kənd təsərrüfatının inkişafına və əhalinin rifah halının yaxşılaşdırılmasına xüsusi diqqət yetirdiyini və bu istiqamətdə xeyli sayda Sərəncamlar və Dövlət Proqramları imzaladığını qeyd edərək, verilmiş tapşırıqlar əsasında müvafiq tədbirlərin həyata keçirildiyini vurğulayıb. O, görülən tədbirlərin aqrar sahənin müasir dövrün tələblərinə uyğun innovasiya yönümlü inkişafının təmin edilməsinə, bitkiçiliyin və heyvandarlığın təşkilində yeni yanaşmanın tətbiqi ilə məhsuldarlığın yüksəldilməsinə, innovativ suvarma metodlarının genişləndirilməsinə, əl əməyinin azaldılması ilə yanaşı məşğulluq yerlərinin artırılmasına töhfə verdiyinin danılmaz fakt olduğunu və qeyd edilən tədbirlərin Naxçıvan Muxtar Respublikasında da davamlı olaraq həyata keçirilməsinin aqrar sahənin inkişafına daha da təkan verəcəyini söyləyib.
Müzakirələr zamanı təsərrüfat sahibləri tərəfindən yaz əkinləri üçün əlavə ehtiyac duyulan gübrələrin, toxumların, kənd təsərrüfatı texnikalarının ehtiyat hissələrinin və suvarma suyunun təmin olunmasına köməklik göstərilməsi xahiş olunub.
X. Dadaşova bitkiçiliyin təşkilində arzuolunmaz halların qarşısının alınması üçün sertifikatlı toxumların, o cümlədən Azərbaycan Respublikasında sınağı aparılmış və dövlət qeydiyyatına alınmış gübrə və pestisidlərin istifadəsini tövsiyyə edib. Təsərrüfat sahiblərinin qaldırdıqları problemlərin bir qismi yerindəcə həll olunub, digər məsələlərin həll olunması üçün qeydiyyatı götürülüb.
Tədbirin sonunda Şərur rayonunun Zeyvə kəndində yerləşən “Demat” adlanan ərazidə əkin sahələrinə baxış keçirilib və əkinçiləri narahat edən məsələlər sahə şəraitində müzakirə edilib.
Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.