Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları Babək Rayon İcra Hakimiyyəti ilə birlikdə rayonun Cəhri qəsəbəsində Naxçıvan Muxtar Respublikasında aqrar sahənin inkişafı ilə əlaqədar qəbul olunmuş dövlət proqramlarının əhəmiyyəti və qarşıya qoyulan vəzifələrin icra edilməsi, payız şumunun qaldırılmasında müasir texnika və avadanlıqların rolu, toxumların dərmanlanmasının əhəmiyyəti mövzularında torpaq mülkiyyətçilərinin iştirakı ilə tarla-seminar müşavirəsi keçiriblər.
Müşavirəni Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Azər Hümbətov açaraq bildirib ki, Babək rayonunda kənd təsərrüfatının inkişaf etdirilməsinə dair qəbul edilən qərarlar, reallaşan dövlət proqramları kənd təsərrüfatı məhsullarının sənaye sahəsinə yönəldilməsinə və ixracına şərait yaratmışdır. Bu da əhalinin iqtisadi gəlirlərinin artmasına səbəb olmuşdur.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Xaliq Abbasov qeyd edib ki, muxtar respublika şəraitində kənd təsərrüfatı bitkilərinin əkin atlaslarına uyğun aparılmasının torpaqların münbitliyinin qorunmasında və məhsuldarlığın yüksəldilməsində böyük rolu vardır. Belə ki, əkin atlaslarına uyğun keçirilən əkinlərdə bitkilərin üzvi və mineral gübrələrlə təminatı aqrotexniki tələblərə uyğun olur, sahələrdən bol məhsul götürülür.
Nazirliyin baş məsləhətçisi Səməddin Əsgərov çıxış edərək vurğulayıb ki, əkin sahələrindən yüksək məhsul əldə olunmasında pestisidlərin rolu böyükdür. Sahələrdə xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərinin vaxtında aparılmaması məhsuldarlığın aşağı düşməsinə təsir edəcəkdir. Payız şumunun vaxtında və aqrotexniki qaydalara uyğun aparılması torpaqda olan bəzi zərərvericilərin sürfələrinin dərin qatlara düşərək məhv olmasına şərait yaradır. Xəstəlik və zərərvericilərin qarşısının alınmasında səpindən qabaq toxumların dərmanlanmasının da böyük əhəmiyyəti vardır.
Nazirliyin sektor müdiri Valeh Mehdiyev payız şumunun qaldırılmasında müasir kənd təsərrüfatı texnika və avadanlıqların rolundan danışıb.
Sonda torpaq mülkiyyətçilərini maraqlandıran suallar cavablandırılıb, mütəxəssislər tərəfindən hazırlanan maarifləndirici bukletlər müşavirə iştirakçılarına paylanıb.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı
Nazirliyinin mətbuat xidməti
Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.