Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən Şərur Rayon İcra Hakimiyyəti ilə birlikdə rayonun Xanlıqlar kəndində heyvandarlıqla məşğul olan təsərrüfat sahiblərinin iştirakı ilə “Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, zoobaytar qaydalarına uyğun qulluq edilməsi, qışlamaya hazırlıq və qış otlaqlarından səmərəli istifadə edilməsi” mövzusunda müşavirə keçirilib.
Müşavirəni Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşı Tağı Abbasov açaraq tədbirin əhəmiyyətindən və rayonda heyvandarlıq sahəsində əldə olunmuş uğurlardan danışıb.
Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Əyyub Abdullayev mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasının əhəmiyyətindən danışaraq qeyd edib ki, son illərdə muxtar respublikamızda heyvanların cins tərkibinin yaxşılaşdırılması, iri heyvandarlıq təsərrüfatlarının yaradılması və xarici ölkələrdən lizinq yolu ilə güzəştli şərtlərlə damazlıq düyələrin idxal edilməsi nəticəsində süni mayalandırma işinə daha çox tələbat yarandığından kənd yerlərində bu sahəyə maraq da artmışdır. Ötən il muxtar respublikada Süni Mayalama Məkəzinin yaradılması, Naxçıvan şəhərində və rayonlarda yeni süni mayalanma məntəqələrinin sayının 23-ə çatdırılması süni mayalanma işinin daha da mütəşəkkil şəkildə aparılmasına öz töhfəsini verməkdədir. Süni mayalanmanın aparılmasında məqsəd ən qiymətli törədicilərdən maksimum dərəcədə istifadə etməklə, heyvanların damazlıq keyfiyyətini qısa müddətdə yaxşılaşdırmaq, qısırlığı ləğv etmək, təbii cütləşmə zamanı baş verə biləcək xəstəliklərin qarşısını almaqdır.
Nazirliyin Heyvandarlıq, damazlıq işi və otlaqlar şöbəsinin baş məsləhətçisi Rasim Hacıyev qış otlaqlarından səmərəli istifadə edilməsi mövzusunda çıxış edərək bildirib ki, muxtar respublikada otlaq sahələrinin yem ehtiyatlarının qorunmasına və bərpasına önəm verilməlidir. Bu sahədə görülən işlərin məqsədi otlaqların yem ehtiyatlarını qorumaqla yanaşı, torpaqların səhralaşmasının qarşısını almaqdır. Otlaqlarda mal-qara sistemli şəkildə otarılmalı, mövcud bitki örtüyünü gücləndirmək və ya yem istehsalını artırmaq məqsədilə gübrələmə tədbirləri aparılmalıdır.
Nazirliyin Heyvandarlıq, damazlıq işi və otlaqlar şöbəsinin aparıçı məsləhətçisi Umar Şükürlü heyvandarlıqda qışlamaya hazırlığın əhəmiyyətindən danışaraq vurğulayıb ki, heyvandarlığın inkişaf etdirilməsi, heyvandarlıq məhsullarının artırılması, məhsulun keyfiyyətinin yaxşılaşdırılması və onun maya dəyərinin aşağı salınmasında mühüm məsələlərdən biri qışlama dövründə möhkəm yem bazasının yaradılması ilə yanaşı mal-qaranın tam dəyərli yem payları ilə yemlənməsidir. Heyvandarıq sahəsində qarşıya qoyulan vəzifələr yalnız yem bazasının əsaslı surətdə yaxşılaşdırıldığı şəraitdə yerinə yetirilə bilər. Nəzərə almaq lazımdır ki, heyvanların, xüsusən də yüksək məhsuldar heyvanların düzgün yemlənməsi nəinki süd, ət və digər heyvandarlıq məhsullarının artmasına səbəb olur, həmçinin normal bala alınmasına da müsbət təsir göstərir.
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti
Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.