Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 25 iyun 2021-ci il tarixli "Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında" Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin hamiliyinə verilmiş Naxçıvan Dövlət Texniki Kollecinin aqrar (fermer) təsərrüfatının təşkili ixtisasının tələbələrinə Nazirliyin əməkdaşları tərəfindən açıq dərs keçirilib.
Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov çıxış edərək Sərəncamın icrasının əhəmiyyətindən, bu sahədə görülmüş işlərdən və qarşıda duran vəzifələrdən bəhs edib.
Direktor bildirib ki, ötən tədris ilində açılan aqrar (fermer) təsərrüfatının təşkili ixtisası vacib əhəmiyyətli ixtisas kimi muxtar respublikada kənd təsərrüfatı sahəsinin tələblərinə uyğun olaraq mütəxəssislər hazırlanmasını nəzərdə tutur. İxtisasın hamiliyə verilməsi də ixtisaslı kadrların hazırlanmasına yönəlib və bu sahəyə öz faydasını verməkdədir.
Sonra Nazirliyin əməkdaşları tərəfindən açıq dərs keçirilib.
Dərs zamanı Nazirliyin İqtisadiyyat və maliyyə şöbəsinin müdiri Tural Haqverdiyev kənd təsərrüfatı məhsullarının subsidiyalaşdırılması qaydaları və qəbul edilən Dövlət Proqramlarının əhəmiyyəti, Texniki nəzarət və aqroservis sektorunun baş məsləhətçisi Səbuhi Həsənov aqrar sahənin müasir texnika və texnoloji avadanlıqlar ilə təchizatı mövzularında tələbələrə ətraflı məlumat veriblər.
Sonda tələbələri maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti
Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.