Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində keçirilən müşavirəni nazir Bəhruz Bayramov açıb. Qeyd olunub ki, bu gün kənd təsərrüfatının inkişafı vacib amillərdən biri kimi daim diqqətdə saxlanılır. Bu istiqamətdə muxtar respublikada həyata keçirilən məqsədyönlü tədbirlər öz müsbət nəticəsini verir. Hazırda muxtar respublikada taxılçılıq, tərəvəzçilik, meyvəçilik, üzümçülük və digər sahələrin inkişafı situmullaşdırılır, fermerlərə güzəştli kreditlərin və aqrolizinq xidmətlərindən daha geniş istifadə imkanları yaradılır, əkin sahələri genişləndirilir. Eyni zamanda ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsində xüsusi əhəmiyyətə malik ailə-fermer təsərrüfatlarına yeni innovasiyaların tətbiqi, intensiv metodlara əsaslanan müasir təsərrüfatların yaradılmasına dövlət dəstəyi davam etdirilir.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Prezidenti və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən verilmiş qərarlara və tapşırıqlara uyğun olaraq muxtar respublikada kənd təsərrüfatının inkişafı sahəsində bir sıra genişmiqyaslı layihələr həyata keçirilmişdir. Belə ki, aparılan melorasiya, irriqasiya tədbirlərinin gücləndirilməsi, lizinq xidmətinin genişləndirilməsi, taxıl və soyuducu anbarların tutumunun artırılması, istixana komplekslərinin, quşçuluq və balıqçılıq təsərrüfatlarının, meyvə-tərəvəz emalı müəssisələrinin işə salınması kənd təsərrüfatının sürətli inkişafına əlverişli şərait yaratmışdır.
Bildirilib ki, payızlıq taxıl əkini ilə əlaqədar olaraq şum və səpin aparmaq üçün 865 ədəd təkərli, 75 ədəd tırtıllı, 123 ədəd taxılsəpən, 445 ədəd kotan, 105 ədəd çizel və şırımaçan, 38 ədəd toxumtəmizləyən, 253 ədəd lafet saz vəziyyətə gətirilmişdir.
Vurğulanıb ki, toxumçuluq kənd təsərrüfatının əsas sahələrindən biridir. Payızlıq taxıl əkininin aparılması üçün muxtar respublikaya 6000-6500 ton taxıl tələb olunur. Tələb olunan toxum “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsin, “Araz” Elm İstehsalat Birliyinin Yardımçı Təcrübə təsərrüfatında və torpaq mülkiyyətçilərinin özlərində mövcuddur. Hazırda “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsində 365 ton, “Araz” Elm İstehsalat Birliyinin Yardımçı Təcrübə təsərrüfatında 131 ton yüksək keyfiyyətli reproduksiyalı buğda, arpa toxumları mövcuddur və toxum satışı davam etdirilir. Bundan əlavə, Azərbaycanın digər rayonlarının toxumçuluq təsərrüfatlarından, qonşu ölkələrdən (Rusiya, Türkiyə) muxtar respublikanın torpaq-iqlim şəraitinə uyğun, az su tələb edən, məhsuldarlığı yüksək toxumlar gətirilir. Toxumların satışı “Naxçıvan Toxumçuluq Mərkəzi” publik hüquqi şəxsinin nəzdində fəaliyyət göstərən toxumların satışı mərkəzi tərəfindən həyata keçirilir.
Sonra məruzə ətrafında çıxışlar edilib.
Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.