Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən “Qaramalın cins tərkibinin yaxşılaşdırılması, ana malların süni mayalandırılması və düzgün yemləndirilməsi” mövzusunda növbəti görüş Kəngərli Rayon İcra Hakimiyyəti ilə birlikdə Xok kəndində keçirilib.
Tədbirdə heyvandarlıqla məşğul olan ailə təsərrüfatçıları və sahibkarlar iştirak edib.
Tədbiri Kəngərli Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ağa Seyidov açaraq rayonda heyvandarlığın inkişafına göstərilən dövlət dəstəyindən danışıb.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Əyyub Abdullayev mal-qaranın cins tərkibinin yaxşılaşdırılması və ana malların süni mayalandırılmasının əhəmiyyətindən danışıb. Qeyd olunub ki, muxtar respublika iqtisadiyyatında diqqətçəkən fəaliyyət istiqamətlərindən biri də qaramalın cins tərkibinin yaxşılaşdırılmasıdır. Son illərdə muxtar respublikamızda heyvanların cins tərkibinin yaxşılaşdırılması, iri heyvandarlıq təsərrüfatlarının yaradılması və xarici ölkələrdən lizinq yolu ilə güzəştli şərtlərlə damazlıq düyələrin idxal edilməsi nəticəsində süni mayalandırma işinə daha çox tələbat yarandığından kənd yerlərində bu sahəyə maraq daha da artmışdır. Ötən il muxtar respublikada Süni Mayalama Məkəzinin yaradılması, Naxçıvan şəhərində və rayonlarda yeni süni mayalanma məntəqələrinin sayının 23-ə çatdırılması süni mayalanma işinin daha da mütəşəkkil şəkildə aparılmasına öz töhfəsini verəcəkdir. Süni mayalanmanın aparılmasında məqsəd ən qiymətli törədicilərdən maksimum dərəcədə istifadə etməklə, heyvanların damazlıq keyfiyyətini qısa müddətdə yaxşılaşdırmaq, qısırlığı ləğv etmək, təbii cütləşmə zamanı baş verə biləcək xəstəliklərin qarşısını almaqdır. Heyvanların cins tərkibinin yaxşılaşdırılması, qısırlığın aradan qaldırılması üçün dünya praktikasında ən mütərəqqi biotexnoloji üsul hesab olunan süni mayalanma tədbirləri iqtisadi cəhətdən çox əhəmiyyətli olub damazlıq-seleksiya işlərinin əsasını təşkil edir. Sahibkarlar öz təsərrüfatlarında yetişdirdikləri ana mallara süni mayalanma metodunu tədbiq edərək, heyvanların cins tərkibinin yaxşılaşdırar, qısırlığı minumuma endirər, mal qaranın cins tərkibini yaxşılaşdıraraq yüksək məhsuldar cinslər əldə etmiş olarlar.
Nazirliyin baş məsləhətçisi Rasim Hacıyev ana malların düzgün yemləndirilməsinin əhəmiyyətindən danışaraq qeyd edib ki, heyvandarlığı daha mütərəqqi üsullarla inkişaf etdirmək yolu ilə məhsuldarlığı yüksəltmək məqsədilə sahibkarlar tərəfindən zəruri tədbirlərin həyata keçirilməsi vacibdir. Məhsuldar heyvan tələb olunan miqdarda qida maddələri almazsa, onda bir müddət orqanizmdə toplanan qida maddələri fondundan istifadə edəcək, bu hal uzun müddət davam edərsə heyvan get-gedə arıqlayacaq, məhsuldarlığı aşağı düşəcək və bəzi xəstəliklərə daha həssas olacaqdır. Məhz buna görə də heyvanlar məhsuldarlıq dövrlərində tələb olunan miqdarda bu və ya digər qida maddələri ilə zəngin, tam dəyərli yem rasionları ilə yemlənməlidir. Sahibkarlar bilməlidir ki, heyvanlar üçün mühüm əhəmiyyəti olan xörək duzu mədə-bağırsaqlarda qlükozanın sorulmasını, fermentlərin fəallaşmasını, su mübadiləsini, yeni toxumaların əmələ gəlməsini, toxumalarda və qanda osmotik təzyiqin normallaşmasını tənzimləyir. Heyvan orqanizmində xörək duzu çatışmadıqda duz azlığı əmələ gəlir maddələr mübadiləsi pozulur, nəticədə heyvanlar sudan və yemdən imtina edərək ətrafdakı cisimləri (daşı, kərpici, taxtanı, dəmiri və.s) yalayır, torpağı, peyini və çürümüş yemləri yeyir. Bunların nəticəsində heyvanlarda mədə-bağırsaq xəstəlikləri, arıqlama, boyun inkişafdan qalması, məhsuldarlığın aşağı düşməsi və sinir pozğunluğu əlamətləri baş verir. İnəklərin süd məhsuldarlığı 25-30%, doğulan buzovların çəkisi 2-3,5 kq aşağı düşür və inəklərin 7-10%-i qısır qalır. Qoyunçuluqda yun məhsuldarlığı 8-8,3% aşağı düşür. Bunların qarşısını almaq üçün il boyu yem təknələrinə (axurlara) duz qoyulması vacibdir. Mal-qara qruplaşdırılaraq zoobaytar müayinəsindən keçirilməli, xəstə və zəif heyvanlar ayrıca saxlanmalı və onlara qulluq işləri yaxşılaşdırılmalıdır. Mal-qara sahibləri qoca, damazlıq üçün yaramayan, məhsuldarlığı aşağı olan heyvanları seçib kökəltməyə qoymalı və onların yemləndirilməsi və saxlanmasına xüsusi qayğı göstərməlidir. Sağılan inəklərə xüsusi qulluq edilməli, süd istehsalını artırmaq üçün yem payında olan yemlər arabir dəyişdirilməlidir. Sağılan inəklərin doğumuna 45-60 gün qalmış tədricən sağımları dayandırılmalı, gələcək sağım və ana bətnində olan balanın inkişafını təmin etmək üçün ehtiyat toplanmasına şərait yaradılmalıdır. Boğaz inəklərin doğumuna 10-15 gün qalmış onların yem payından qüvvəli və şirəli yemlər çıxarılmalı, yalnız yüksək keyfiyyətli ot verilməlidir. Doğumdan sonra inəklərin yem payında həmin yemlər tədricən artırılaraq normaya çatdırılmalıdır.
Tədbirdə həmçinin ailə təsərrüfatlarında saxlanılan mal-qaraya zoobaytar qaydalarına uyğun qulluq edilməsi, məhsuldarlığın artırılması, süd məhsullarının hazırlanmasında gigiyenik qaydalara əməl edilməsi haqqında iştirakçılara ətraflı məlumat verilib.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə sahibkarları maraqlandıran suallar ətraflı cavablandırılıb, onlara yaddaş kitabçaları paylanıb.
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti
Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.