Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Dövlət Sığorta Xidməti publik hüquqi şəxsinin, AMEA Naxçıvan Bölməsinin, Naxçıvan Dövlət Universitetinin və “Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyinin əməkdaşları Şahbuz Rayon İcra Hakimiyyəti ilə birgə “Batabat” yaylağında arıçılıqla məşğul olan sahibkarlarla görüş keçirib.
Tədbirdə arı ailələrinin köçürülməsi və zoobaytar qaydalara uyğun qulluq edilməsinin əhəmiyyəti məsələlərinə toxunulub.
Şahbuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi Orxan Əlizadə bildirib ki, rayonun əksər kəndlərinin torpaq-iqlim şəraiti arıçılığın inkişafı üçün çox əlverişlidir. Odur ki, ailə təsərrüfatçıları bu gəlirli sahəyə daha çox diqqət yetirirlər. Hazırda rayonda 1345 arıçı tərəfindən 26 min 920 arı ailəsi bəslənilir. Arıçılığın inkişafı məqsədilə hər il sahibkarlara subsidiya ödənilir.
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Əyyub Abdullayev çıxış edərək “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar həyata keçirilən tədbirlərdən danışıb. O, hazırkı dövrdə arıçılıq sahəsində görüləcək işlər və arı ailələrinə zoobaytar qaydalara uyğun qulluq edilməsinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, arı ailələri mərhələli şəkildə yüksək dağlıq ərazilərə, nektarlı bitkilər olan əraziyə köçürülməlidir. Bal arısı cinslərini və onların populyasiyalarını müxtəlif mövsümlərdə nektar və su mənbələri ilə fasiləsiz təmin etmək məqsədi ilə onların muxtar respublikanın aran, dağətəyi və dağlıq bölgələrinə il ərzində 4-5 dəfə köçürülməsi təmin edilməlidir. Təbii coğrafi iqlim şəraitinə uyğunlaşması və xəstəliklərə dözümlülüyü, eyni zamanda bitki örtüyünə olan tələbatı nəzərə alınaraq arıxanalar köçürülmə zonalarında su mənbələrinə yaxın ərazilərdə, 20-30 ailə bir qrupda olmaqla digər qruplardan ən azı 3-4 km aralı məsafədə yerləşdirilməli, pətəklər arası 3-3,5 metr, cərgələr arasındakı məsafə isə 10 metrdən yaxın olmamalıdır. Arı ailələrini rütubətdən və ziyanvericilərdən (qarışqa, kərtənkələ və kirpilərdən) qorumaq üçün pətəklər minimum 30-40 sm hündürlükdə olan dayaqlar üzərinə qoyulmalı, dayaqların aşağı hissəsinə işlənmiş yağlar sürtülməlidir. Arıçı ərazinin relyefindən asılı olaraq çiçəkli sahələri müəyyən edilməli, arı ailələri həmin ərazilərə maksimum yaxın yerləşdirilməlidir. Beçəvermənin qarşısını almaq məqsədilə ayırma beçələr yaradılmalı, ailələrin iş imkanları artırılmalıdır. Pətək genişləndirilməli, yataq pətəklərdən və mərtəbələrdən istifadə olunmalıdır.
“Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyinin sədri Etibar Məmmədov qədim diyarda arıçılığın inkişafı üçün münbit şəraitin olduğunu diqqətə çatdırıb, xəstəliklərə və ziyanvericilərə qarşı mübarizə yollarından danışıb.
Mütəxəssislər həmçinin görülməsi vacib olan zoobaytar tədbirləri də önə çəkiblər.
Tədbirdə İqtisadiyyat Nazirliyinin əməkdaşı Vəli Mirzəyev, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Ziyad Abbasov, Dövlət Baytarlıq Xidmətinin sektor müdiri Hüseyn Məmmədov, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əməkdaşı Habil Nemətov, Dövlət Sığorta Xidməti publik hüquqi şəxsinin əməkdaşı Nurlan Xəlilov çıxış edərək arıçı-sahibkarlara göstərilən dövlət maliyyə dəstəyindən, yaşıllaşdırma işlərində balyığma mənbəyi hesab olunan bitkilərin əkinlərinin genişləndirilməsindən, arıçılıq məhsullarının sertifikatlaşdırılmasının və arı ailələrinin sığortalanmasının əhəmiyyətindən bəhs ediblər.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə mütəxəssislər sahibkarları maraqlandıran sualları ətraflı cavablandırıb, onlara yaddaş kitabçaları paylayıblar.
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti
Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.