Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Sığorta Xidməti publik hüquqi şəxsinin, Dövlət Baytarlıq Xidmətinin və “Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyinin mütəxəssisləri Culfa Rayon İcra Hakimiyyəti ilə birlikdə Bənəniyar və Milax kəndlərində arıçılıq və heyvandarlıq məşğul olan təsərrüfat sahibləri ilə maarifləndirici görüşlər keçiriblər.
Milax kəndində keçilən görüşdə nazirliyin şöbə müdiri Əyyub Abdullayev “Arı aillələrinə zoobaytar qaydalarına uyğun qulluq edilməsi” mövzusunda çıxış edərək bildirib ki, arıçıların arı yeşikləri üzərindəki görəcəyi işlər, həmin il üçün məhsuldarlığı müəyyən edir. Təcrübəli arıçılar bal toplama mövsümünə laqeyd yanaşmamalı, arıxanadakı problemləri müəyyən etməli və mövsümə arıları məhsuldar şəkildə çıxartmalıdır. Çıxışda vurğulanıb ki, soyuq havalarda pətəyin qapağının açılması arılarda panika yaradır və çox aqresiv olurlar. Buna görə də, havalar istiləşənə qədər pətəyi xaricdən müayinə edərək və arıların hərəkətlərinə baxaraq, problemləri müəyyən etmək lazımdır. Bir arı ailəsinin həyatda qalması üçün ana arının olması şərtdir. Həmin günlərdə arılar sürətli şəkildə çalışıb yeşiyə çiçək tozu (polen) gətirirlərsə, bu ana arının varlığına işarədir. Əgər arılar polen gətirmirlərsə və pətəkdən qıraqda gəzirlərsə, ana arı böyük ehtimalla qışda ölmüşdür. İşçi arılar pətəyə bir-bir, iki-iki girib çıxırlarsa arı ailəsi zəif sayılır. Amma, işçi arıların toplu halda pətəyə girib çıxması, pətəyin güclü olduğunu göstərir.
Bənəniyar kəndində keçirilən görüşdə Əyyub Abdullayev mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasından danışaraq qeyd edib ki, son illər muxtar respublikada heyvanların cins tərkibinin yaxşılaşdırılması, iri heyvandarlıq təsərrüfatlarının yaradılması və xarici ölkələrdən lizinq yolu ilə güzəştli şərtlərlə damazlıq düyələrin idxal edilməsi nəticəsində bu düyələrin təkrar istehsalında süni mayalandırma işinə daha çox tələbat yarandığından kənd yerlərində bu sahəyə maraq artıb. Bu gün muxtar respublikada Süni Mayalanma Mərkəzi və 23 süni mayalanma məntəqəsi fəaliyyət göstərir. Məntəqələr lazımi avadanlıq, nəqliyyat vasitələri, maye azot və törədici toxumları ilə davamlı təmin olunduğundan bu sahədə irəliləyişə nail olunub. Süni mayalama tədbirlərinin aparılması mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına, heyvandarlıq məhsullarının intensiv artımına və təhlükəli xəstəliklərin yayılmasının qarşısının alınmasına ciddi təsir göstərir
Vurğulanıb ki, təbii yolla heyvanların mayalanması üçün saxlanılan törədicilərə əlavə yem alınmasına, müxtəlif yoluxucu xəstəliklərin artmasına və qısırlığın çoxalmasına yol verməmək üçün heyvandarlıqda süni mayalanma işinin aparılmasına önəm verilməlidir.
Görüşlərdə Dövlət Sığorta Xidməti publik hüquqi şəxsinin, Dövlət Baytarlıq Xidmətinin və “Naxçıvan Muxtar Respublikası Arıçıları” İctimai Birliyinin mütəxəssisləri çıxış edərək heyvandarlıqda sığortanın əhəmiyyətindən, heyvandarlıqda aparılacaq baytarlıq tədbirlərindən və arıçılıqda yeni texnologiyaların tətbiqinin əhəmiyyətindən danışıblar.
Sonda iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti
Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.