Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Fitosanitar nəzarəti, bitkilərin mühafizəsi və karantini şöbəsinin əməkdaşları Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən verilmiş pestisidləri əkin sahələrində karantin mənşəli zərərvericilər, alaq otları, siçan və siçanabənzər gəmiricilərlə kimyəvi mübarizə tədbirlərinin aparılması üçün Şahbuz Rayon İcra Hakimiyyətinin əməkdaşlarına təhvil veriblər. Həmçinin rayonun Daylaqlı kəndində torpaq mülkiyyətçiləri ilə “Əkin sahələrində alaq otlarına və zərərvericilərə qarşı kimyəvi mübarizə tədbirlərinin aparılmasının əhəmiyyəti” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə nazirliyin şöbə müdiri Bəhruz Qasımov və baş məsləhətçisi Yaşar Quliyev mövzu ətrafında çıxış edərək vurğulayıblar ki, məhsuldarlığın artırılması zərərli orqanizmlərə qarşı kompleks tədbirlərin aparılmasından çox asılıdır. Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərindən, alaq otlarından qorunması üçün aqrotexniki, fiziki-mexaniki, bioloji, kimyəvi və karantin tədbirlərinin ardıcıl və məqsədyönlü aparılması vacibdir. Karantin mənşəli zərərvericilərə və alaq otlarına, karantin tətbiq edilən zərərli orqanizmlər siyahısına daxil edilməyən, lakin muxtar respublikada xüsusi təhlükəli zərərvericilər sayılan siçanabənzər gəmiricilər, mərakeş çəyirtkəsi, taxıl böcəyi və.s zərərli orqanizmlərə qarşı mübarizə tədbirlərinin səmərəli təşkil olunması vacib məsələlərdəndir.
Nazirliyin baş məsləhətçisi Səməddin Əsgərov mülkiyyətçilərə dərman preparatlarından istifadə zamanı onların məsarif norması, mübarizə aparılma vaxtı, istifadə qaydaları və tətbiq olunan bitkilər haqqında ətraflı izahat verib. Həmçinin kimyəvi mübarizə tədbirlərinin təhlükəsizlik təlimatlarına uyğun aparılmasının vacibliyi müşavirə iştirakçılarının diqqətinə çatdırılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti
Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.