Naxçıvan Muxtar Respublikası Süni Mayalanma Mərkəzinin əməkdaşları tərəfindən Ordubad Rayon İcra Hakimiyyəti ilə birlikdə rayonun Vənənd kəndində heyvandarlıq təsərrüfatı sahiblərinin iştirakı ilə “Damazlıq məqsədi üçün seçilmiş malların düzgün yemləndirilməsi” mövzusunda seminar-müşavirə keçirilib.
Müşavirəni Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşı Mübariz Hüseynov açaraq müşavirənin əhəmiyyətindən və heyvandarlığın inkişafına göstərilən dövlət dəstəyindən danışıb.
Naxçıvan Muxtar Respublikası Süni Mayalanma Mərkəzinin direktoru Yusif Qurbanov damazlıq məqsədi üçün seçilmiş malların düzgün yemləndirilməsi mövzusunda danışaraq bildirib ki, heyvandarlığın inkişafında əsas məqsədlərdən biri yerli malların cins tərkibini yaxşılaşdırmaq üçün süni mayalanmadan alınan dişi buzovların gələcəkdə damazlıq olaraq istifadə olunmasıdır. Damazlıq üçün seçilən buzovların intensiv yetişdirmə şəraitinin yaradılması təşkil olunmalıdır. Damazlıq üçün nəzərdə tutulan dişi buzovların fizioloji yetişkənliyə çatana qədər xəstəliklərə qarşı müqavimətinin artırılması, sağlamlığının möhkəmləndirilməsi üçün yemləmə və saxlama şəraiti zoogigiyenik qaydalara cavab verməlidir. Damazlıq üçün seçilən dişi buzov təsərrüfatda mövcud olan ana malların ən yüksək məhuldarlıq göstəricisi olanlarından götürülməlidir. Yeni doğulmuş buzovlar ilk gündən protein və vitaminlərə ehtiyac duyurlar. Bu ehtiyacın təmin olunmasında ağuz südü əvəzolunmaz qida mənbəyidir. Ağuz südünün tərkibinin qida maddələri ilə zəngindir. Ağuz südünün tərkibində adi süddən fərqli olaraq çoxlu miqdarda qloblin var ki, o da buzovun orqanizmində antitoksinlərin miqdarının artmasına səbəb olur. Buzovların gündə üç dəfə ağuz südü ilə qidalanması normal sayılır. Ağuz südü 5-7 gündən sonra öz spesifikliyini itirmiş olub adi südə çevrilir. Südəmər dövrünün 7-10 günlüyündə buzovların tədricən ot-saman yemlərinə öyrədilməyə başlanılması məsləhət görülür. Buzovların bitki yemlərə erkən öyrənilməsi gələcəkdə həzmi stimullaşdırır, xəstələnmələri azaldır və orqanizmin müqavimətini artırır. İlk aylarda buzovların mədə önlərinin inkişaf etməməsi səbəbindən buzovlar böyük miqdarda bitki yemindən istifadə edə bilmir. Bu proses tədricən həyata keçirilməlidir. Buzovlar iki aylığına keçəndə ümumi yemləmənin 50 faizini bitki yemi təşkil etməlidir.
Dişi danalar 3-4 aylıq olanda bitki mənşəli, yüksək keyfiyyətli yemlərlə yemləndiriləndə yaxşı inkişaf edir. Altı aya qədər buzovlar 180-350 kiloqram süd istehlak etmiş olur. Tələb olunan qaydalara uyğun formada yemləmə və bəsləmə şəraiti yaradılarsa, damzlıq düyələrin 17-18 aylarında diri çəkisi 300-350 kiloqram olmaqla ilkin mayalandırmaq üçün yararlı sayıla bilər.
Mərkəzin əməkdaşları Məmməd Məmmədov və Vüsalə Qafarova süni mayalanmadan sağlam balaların alınması haqqında iştirakçılara ətraflı məlumat veriblər.
Sonda iştirakçıları maraqlandıran suallar mütəxəssislər tərəfindən ətraflı cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti
Ünvan: Naxçıvan şəhəri, Xətai məhəlləsi, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi.